Makron və ermənipərəst komandası Prezident İlham Əliyevin qarşısında məğlub oldu  - Kamilə Əliyeva

16:45 23.12.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Fransanın Afrikadan qovulması, Cənubi Qafqazdakı proseslərdən təcrid edilməsi, müstəmləkəçilik siyasəti Prezident tərəfindən açıq şəkildə tənqid edildi. Həmin müsahibədə Makron diktaturasının bu ölkənin beynəlxalq nüfuzunu getdikcə zəiflətməsi bir daha qeyd edilməklə mühüm mesajlar vermis oldu”. 

Bunu hafta.az-a professor Kamilə Əliyeva Prezident İlham Əliyevin Rusiya kanallarına müsahibəsində Fransa ilə bağlı fikirlərini şərh edərkən bildirib.

 K.Əliyeva qeyd edib ki, Prezident İlham Əliyevin apardığı xarici siyasətin əsasını bütün dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqluq prinsipləri təşkil edir. Onun sözlərinə görə, Azərbaycan digər dövlətlərlə yanaşı, Fransa ilə də dostluq münasibətlərini qurulmasında maraqlı olsa da, Paris bu təşəbbüsə yönələn addımları dəyərləndirməkdə çətinlik çəkir. 

“Vaxtilə ATƏT-n Minsk Qrupunun həmsədrlərindən bir olan Fransa Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişədə bitərəf mövqe nümayiş etdirmək əvəzinə,  hər zaman Ermənistanın işğalçılıq siyasətinə dəstək olub. Prezident məhz Rusiyanın beynəlxalq informasiya agentliyinə müsahibəsində Fransa dövlətinin Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasətini bir daha bəyan etdi. Bu ölkənin neokolonialist ölkə olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Makron hakimiyyəti eləcə də Vətən müharibəsi zamanı ölkəmizə qarşı düşmən siyasətini davam etdirdi. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, eləcə də BMT TŞ-nin 4 qətnaməsinə əsasən öz torpaqlarını işğaldan azad etdi. Makron hakimiyyəti müharibə və postmüharibə dövründə  BMT TŞ-da 5 dəfə Azərbaycana qarşı qətnamə qəbul edilməsinə cəhdlər göstərdi. Hər dəfə də Makron və onun ermənipərəst komandası Prezident İlham Əliyevin qarşısında məğlub oldu”.

K.Əliyeva Fransanın qara siyasətini bu gün də davam etdirdiyini deyib. O, bildirib ki, Fransa Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasına, iki dövllət arasında  sülhün yaranmasına maneələr yaradan dövlətlərin başında dayanır. Eləcə də, Fransa başda olmaqla Hindistan və ABŞ Ermənistana öldürücü silahlar verirlər. Makronun niyyəti Azərbaycanla Ermənistan arasında  yeni müharibəyə xidmət edir.

“Prezident müsahibəsində Fransanın başqa dövlətlərə qarşı müstəmləkəçilik siyasətini həyata keçirdiyini və amansız cinayətlər törətdiyini də vurğuladı. Makron rejiminin Avropanın mərkəzində korsikalılara qarşı cinayətlər törətdiyi, Fransadan 10 min kilometrlərlə uzaqda olan Yeni Kalidoniyada və digər ərazilərdə xalqları müstəmləkədə saxladığını, maddi-mənəvi sərvətlərini taladığını, dillərini, mədəniyyətlərini məhv etməyə çalışdığını bir daha açıq mətnlə bəyan etmiş oldu”.

Professor bildirib ki, o dövlətlər Ermənistanı nə qədər silahlandırmağa çalışsalar da, Azərbaycanın qarşısında tab gətirə bilməzlər.

“Ermənistanın siyasi rəhbərliyi başa düşməlidir ki, Azərbaycana qarşı yönələcək istənilən hərbi təxribatın cavabı çox ağır olacaq. Ermənistana havadarlıq edən ölkələr onlara kömək edə bilməyəcək. Bu gün Prezidentin Ali Baş Komandanlığı ilə Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Fransanın Makron hakimiyyəti anlamalıdır ki, onun qarşısında siyasi, iqtisadi, hərbi cəhətdən güclü və dünyada böyük nüfuza sahib olan Azərbaycan dayanır”.